BAKI, 11 noyabr. TELEQRAF

“Ermənistan hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətində iştirak etmir və təşkilat buna müvafiq reaksiya verəcək”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

Peskov Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin KTMT-də iştirakına marağını itirdiyini dəfələrlə bəyan etdiyini xatırladıb:

“Paşinyanın gələcəkdə hansı addımları atacağını bilmirik. Amma Ermənistanın KTMT-nin fəaliyyətində iştirak etmədiyi göz qabağındadır”.

O, İrəvanın təşkilatdan çıxmaq prosesinə başlamamasını şərh edərkən əlavə edib ki, KTMT buna uyğun reaksiya göstərəcək.

Peskov Rusiya xarici işlər naziri Sergey Lavrovun üzv dövlətlərin Ermənistanı təşkilatdan qovmaq niyyətində olmadığı barədə açıqlamasını da şərh edib:

“Üzv dövlətlərin qərarı ilə nizamnamədə nəzərdə tutulan bütün mexanizmlər işə salına bilər. Nazir də dünən məhz nizamnamədə nələrin nəzərdə tutulduğunu izah edib”.