BAKI, 26 may. TELEQRAF
“Ermənistan kommunikasiyaların açılması ilə bağlı Azərbaycana konkret təkliflər verib”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan beynəlxalq “İrəvan Dialoqu” Forumunda çıxışı zamanı bildirib.
“Müzakirələr davam edir və Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili (yolların açılması) ilə bağlı Azərbaycana konkret təkliflər verilib. Qatarlar gəlib pasport və sərhəd nəzarətindən keçə, Naxçıvana gedə və geri qayıda bilər. Bu, Ermənistanın Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında əlaqəni təmin etmək təkliflərindən biridir. Bu təklif rəsmidir və müzakirə olunur”, - baş nazir deyib.
Nikol Paşinyan əlavə edib ki, Azərbaycan və Türkiyə ilə yollar açılanda Şimalla Cənub, Qərblə Şərqi birləşdirməyə yeni imkan yaradacaq.