BAKI, 29 sentyabr. TELEQRAF
Ermənistan Baş nazir Nikol Paşinyan Rusiyanın “Rosatom” Dövlət Korporasiyasının baş direktoru Aleksey Lixaçevi qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökumətindən məlumat verilib.
Həmsöhbətlər “Metsamor” AES-in ikinci enerji blokunun istismar müddətinin uzadılması ilə bağlı işlər və Ermənistanda yeni nüvə enerji blokunun tikintisi ilə bağlı Rusiya tərəfinin təklifləri ilə bağlı məsələləri müzakirə ediblər.
Baş nazir qeyd edib ki, Ermənistan hökuməti yeni nüvə enerji blokunun tikintisi ilə bağlı beynəlxalq tərəfdaşlardan alınan təkliflər üzrə müzakirələri davam etdirir və yaxın gələcəkdə qərar veriləcək. Nikol Paşinyan vurğulayıb ki, son qərar yalnız iqtisadi xarakter daşıyacaq və qiymət, keyfiyyət, təhlükəsizlik, son tarixlər və zəmanətlər nəzərə alınacaq.
Aleksey Lixaçev bildirib ki, “Rosatom” AES-in işlək enerji blokunun istismar müddətinin uzadılması ilə bağlı İrəvanla konstruktiv əməkdaşlıq edir. “Rosatom”un baş direktoru yeni AES-in, eləcə də kiçik və orta tutumlu enerji bloklarının tikintisi üçün təkliflər və mümkün mexanizmlər barədə ətraflı məlumat verib.