BAKI, 24 sentyabr. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyanın rus dilinə marağı bizi sevindirməyə bilməz”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin müşaviri Yelena Yampolskaya deyib.

Müşavir qeyd edib ki, İrəvandakı “Moskva Evi” gələn həftə başlayacaq pulsuz rus dili kurslarını elan edib və bir çox Ermənistan vətəndaşının bu kurslara qatılacağına əminliyini ifadə edib.

“Yeri gəlmişkən, ötən həftənin sonunda Ermənistan Baş naziri rus dili ilə bağlı etirafla çıxış edərək, hazırda rus dili kursuna getdiyini bildirib. Gözlənilməz olsa da, belə bir maraq sevindirməyə bilməz. Çünki Nikol Paşinyan ŞƏT-in son sammitində MDB-yə üzv ölkələrin liderləri arasında rus dilində çıxış etməyən yeganə lider idi. Amma görünür, o da rus dili olmadan keçinə bilmir”, - Yampolskaya vurğulayıb.

Nikol Paşinyan sentyabrın 17-də Ermənistan hökumətinin iclasında söyləmişdi ki, İdarəçilik Akademiyasında rus dili dərslərinə gedir.

Sentyabrın 1-də Bişkekdə keçirilən ŞƏT+ sammitində Ermənistan Baş naziri ilk dəfə bu formatda keçirilən tədbirdə erməni dilində çıxış etmişdi. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Paşinyanın bu qərarını “qəribə” adlandırmışdı.