BAKI, 29 sentyabr. TELEQRAF
“Rusiyanın “qarın ağrısı” iki məsələdən qaynaqlanır - Ermənistan dövlətçiliyinin məhvi və Nikol Paşinyanın devrilməsi”.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Xristian-Demokratik” partiyasının sədri Levon Şirinyan deyib.
“Əgər Samvel Karapetyan baş nazir olsaydı, xalqımızın bir hissəsini Sibirə sürgün edərdilər, gənclərin böyük əksəriyyəti isə Rusiya cəbhəsində döyüşərdi”, - siyasətçi əlavə edib.
Şirinyanın iddiasına görə, Karapetyanla bağlı planı alınmayan Rusiya bütün ermənilərin katolikosu II Qareginin və ya qardaşı Yezras Nersisyanın Ermənistanda hakimiyyətə gəlməsində maraqlı ola bilər.
“Ermənistandakı bu rus kölələrinin lideri Mariya Zaxarovadır. Ermənistan parlamentindəki müxalifət fraksiyaları “Rusiya Dövlət Dumasının filialı” kimi fəaliyyət göstərirlər. Bu cinayət-oliqarxik qruplaşmalardan birini Samvel öz fermasında oturub idarə edir. İndi Samvel Karapetyan qorxur və buna görə deyir ki, sahibsiz qalıb, sahibi yox olub, xalq da onu tək qoyub.
Mafiya iflasa uğrayıb, buna görə də Rusiya səfiri Kopırkin onların yaxasından yapışıb hesabat tələb edir”.
Ermənistanın Avropa İttifaqına üzvlük planına Rusiyanın təpkisinə diqqət çəkən partiya sədri qeyd edib: “Zaxarova, Kopırkin, kimdir sizi ciddiyə alan?”.