BAKI, 24 sentyabr. TELEQRAF
“Bu gün Avropa İttifaqının (Aİ) səfirliyinin açıqlamasından belə başa düşdük ki, onlar dialoqu ana söyüşü ilə bərpa etmək istəyirlər. Təəssüf ki, bu gün Avropa İttifaqı ilə münasibətlərimiz belə bir yerə gəlib çatıb: Aİ səfiri bizə deyir ki, ana söyüşü gürcü mədəni irsidir və ifadə azadlığıdır”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.
“Bilmirəm, Polşada, onun (Aİ səfiri Pavel Qerçinskinin) vətənində ana söyüşü adi haldırmı, amma Gürcüstanda belə deyil. O, Gürcüstana yaraşan şəkildə davranmalıdır. Avropa İttifaqı ilə münasibətlərin bərpasına gəlincə, Avropa İttifaqının müxtəlif qurumları radikalizmi dəstəkləməyə son qoyan kimi, dərhal münasibətlərin bərpasına yol tapılacaq. Bu gün bu münasibətlərdə maneə radikalizmdir və bu radikalizm Avropa İttifaqının müxtəlif fondları, o cümlədən siyasi bəyanatları vasitəsilə təşviq edilir və maliyyələşdirilir.
Bu gün Avropa İttifaqı səfiri Gürcüstanda ana söyüşünü birbaşa və açıq şəkildə təşviq elədi. Az qala bunu “mədəni irs” kontekstinə gətirib çıxardı. Radikalizmin təşviqi dayanan kimi münasibətlər avtomatik və təbii şəkildə bərpa olunacaq, çünki Gürcüstanla Avropa İttifaqı arasında maneə yaradan məhz radikalizmdir”, - Papuaşvili bildirib.