BAKI, 26 noyabr. TELEQRAF
Böyük Britaniyanın Müdafiə Nazirliyi ehtiyatda olan hərbi qulluqçuları Soyuq müharibə dövründən bəri ilk dəfə hərbi təlimlərə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Daily Telegraph” məlumat yayıb.
Təxminən 100 min ehtiyatda olan hərbi qulluqçuya NATO-nun “Steadfast Defender” hərbi təlimlərində könüllü iştirak etmək təklif olunub. Təlimlərin 2027-ci ilin yazında keçirilməsi planlaşdırılır.
Hərbçilərə göndərilən məktublarda həmçinin onlardan əlaqə məlumatlarını yeniləmək, hazırkı vəzifələri və peşə bacarıqları barədə aktual məlumat təqdim etmək xahiş olunub.
Nəşrin yazdığına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi bu addımı “münaqişə riskini azaltmağa kömək edən döyüş hazırlığının səviyyəsinin yüksəldilməsinə yönəlmiş praktiki tədbir” adlandırıb.