BAKI, 26 noyabr. TELEQRAF

“Avropa İttifaqı (Aİ) Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsini terror təşkilatı kimi tanınmalıdır”.

Teleqraf xəbər verir ki, bunu Litva xarici işlər naziri Kestutis Budris deyib.

Budrisin sözlərinə görə, Litva hakimiyyətinin bu təşəbbüsü ölkənin gələcəkdə Avropa İttifaqı Şurasına sədrlik etməsi ilə əlaqəli deyil. O hesab edir ki, Rusiya hərbi kəşfiyyatı Avropa cəmiyyətlərini, qərarverici şəxsləri və digər mülki şəxsləri terror altında saxlayır.

Kestutis Budris Rusiya ordusunun Baş Kəşfiyyat İdarəsini 2026-cı ilin əvvəlində Aİ tərəfindən terror təşkilatı kimi tanınmış İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə müqayisə edib.

“Rusiyaya başa salmalıyıq ki, onun bizə qarşı addımları artıq sadəcə hibrid müharibə deyil, daha çox qeyri-konvensional müharibədir və bu cür hərəkətlər NATO-nun 5-ci maddəsində nəzərdə tutulan həddin aşılmasına səbəb ola bilər”, - Litva xarici işlər naziri vurğulayıb.