BAKI, 12 noyabr. TELEQRAF
“Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bəzi məxfi sənədlərinə çıxışını məhdudlaşdırmaq məqsədəuyğundur”.
Teleqraf xəbər verir ki, bunu Belarus xarici işlər naziri Maksim Rıjenkov deyib.
“Əminəm ki, ümumiyyətlə, məxfi xarakter daşıyan bəzi sənədlərə çıxış məhdudlaşdırılacaq”, - nazir bildirib.
Rıjenkovun sözlərinə görə, bu cür saxta müttəfiqin belə sənədlərə çıxışının olması şübhə doğurur: “Çünki əldə olunan məlumatlar inteqrasiya birliyinin inkişafında maraqlı olan ölkələrin mənafelərinə zidd məqsədlər üçün istifadə edilə bilər”.
O qeyd edib ki, Ermənistanın KTMT və Avrasiya İqtisadi Birliyinə münasibətini dəyişən erməni xalqı deyil, ölkə rəhbərliyidir. Nazir vurğulayıb ki, Ermənistan bu təşkilatlarda passiv iştirak edir və onlardan yalnız özünə sərf edən imkanlardan yararlanır.
Maksim Rıjenkov xüsusilə qaz və neft qiymətlərini, eləcə də Ermənistan istehsalı olan məhsulların son istehlakçıya çatdırılması imkanlarını qeyd edib.