BAKI, 12 noyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Trampın son dövrlərdə İrana qarşı hərbi əməliyyatın keçirilməsinə etiraz etməsinə baxmayaraq, hücum variantı hələ də gündəmdədir”.
Teleqraf xəbər verir ki, bunu israilli analitik Yuni Ben-Menaxem “Arutz Sheva”ya müsahibəsində deyib.
Ekspert bildirib ki, ABŞ hərbi əməliyyat keçirməsə, İsrail Tehranın nüvə proqramını məhv etməli və ya İran liderlərini aradan götürmək üçün təkbaşına hərəkət etməlidir.
Yuni Ben-Menaxem nüvə danışıqlarında yaranmış dalana toxunaraq vurğulayıb ki, Tramp ya hücum qərarı verə, ya da İranın nüvə təhdidinə qarşı mübarizəni İsrailin öhdəsinə buraxa bilər.
Analitik ABŞ-nin İsrailə hərbi yardımının mərhələli şəkildə azaldılmasını Baş nazir Benyamin Netanyahunun düzgün qərarı kimi qiymətləndirib: “Bu addım aralıq seçkilərində qələbə qazanan Demokratlar Partiyasının hərbi yardım məsələsindən siyasi məqsədlər üçün istifadə etməsinin qarşısını alacaq”.