BAKI, 12 noyabr. TELEQRAF
“Gələn il üçün dövlət büdcəsi xərclərinin 92,6 faizi və ya 39,3 milyard manatı büdcənin gəlirləri, 7,4 faizi və ya 3,1 milyard manatı isə onun kəsirinin maliyyələşdirilməsi üçün cəlb ediləcək vəsaitlər hesabına təmin olunacaq”.
Teleqraf xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, dövlət büdcəsinin gəlirləri cari illə müqayisədə 645 milyon manat və ya 1,7 faiz çox olacaq. Gəlirlərin 23,8 milyard manatı və ya 60,6 faizi qeyri-neft sektoru üzrə daxilolmalar hesabına reallaşacaq. Bu cari illə müqayisədə 1,6 milyard manat və ya 7,2 faiz çoxdur. Həmçinin, qeyri-neft sektoru üzrə daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi cari ilə nisbətdə 3,2 faiz-bəndi (60,6 vs 57,4) artıb:
“Növbəti il neft-qaz sektorundan məcmu gəlirlər 15,5 milyard manat proqnozlaşdırılır. Bunun 11,9 milyard manatı (7.0 mlrd. dollar) Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür ki, bu da 2026-cı illə müqayisədə 935 milyon manat (550 mln. dollar) azdır. Gələn il üçün icmal büdcəsinin gəlirləri 47,6 milyard manat, xərcləri 50,4 milyard manat, kəsiri isə 2,8 milyard manat nəzərdə tutulur.
“Bu gün müzakirənizə çıxarılmış 2027-ci il üçün dövlət və icmal büdcələrinin layihələri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi əsas prioritetlərin, o cümlədən əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin müdafiəsi və milli təhlükəsizliyi, böyük qayıdışın uğurla həyata keçirilməsi, dövlətimizin hərtərəfli inkişafı və digər əsas hədəflər üçün maliyyə təminatını tam formalaşdırır”.