BAKI, 12 noyabr. TELEQRAF

“Müzakirələrdə həmkarlarımızın da qeyd etdiyi kimi, neftin qiyməti üzrə ehtiyatlı yanaşma əsas götürülüb. Baza ssenaridə neftin qiyməti barel üçün 65 ABŞ dolları qəbul edilib.

Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

O qeyd edib ki, 2027-ci ildə iqtisadi artımın 2,7%, 2027–2030-cu illərdə orta illik artımın 3,3%, qeyri-neft-qaz sektorunda isə 4,4% olacağı proqnozlaşdırılır: "2030-cu ilədək qeyri-neft-qaz sektorunun Ümumi Daxili Məhsulda payının 82%-ə, adambaşına Ümumi Daxili Məhsulun isə 9600 ABŞ dollarına çatacağı gözlənilir. Bu proqnozlar 2027-ci il dövlət büdcəsinin gəlir və xərc parametrlərinin əsasını təşkil edir".

Nazir müavini bildirib ki, cari ilin 10 ayında Ümumi Daxili Məhsul 1,7%, qeyri-neft-qaz sektoru isə 2,9% artıb: "Artım tamamilə qeyri-neft-qaz sektoru hesabına təmin olunub və sektorda artım ilin sonlarına doğru sürətlənməkdədir. Qlobal çağırışlara uyğun olaraq, qeyri-neft-qaz sektorunun özünün də strukturu dəyişir: aparıcı mənbələr artıq qeyri-neft-qaz sənayesi, logistika və rəqəmsal xidmətlərdir. Bu dövrdə qeyri-neft-qaz sənayesi 5,9%, nəqliyyat 10,2%, informasiya və rabitə 9,9% artıb".