BAKI, 12 noyabr. TELEQRAF
"İxracın strukturu və coğrafiyası genişlənir. Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 2026-cı ilin 10 ayında ötən ilin müvafiq dövrünə nisbətən 20%-dən çox artaraq 3,6 milyard dollara çatıb, bunun 60%-dən çoxu sənaye məhsullarıdır. Daxili bazarın məhdud həcmi nəzərə alınaraq müəssisələrin daha çox xarici bazarlara istiqamətlənməsi iqtisadi siyasətin mühüm vəzifələrindəndir".
Teleqraf xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O qeyd edib ki, iqtisadi siyasət prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyanın və məşğulluğun aparıcı qüvvəsi olması daima diqqət mərkəzində saxlanılıb:
“Özəl sektorun inkişafı istiqamətində görülən işlər öz müsbət nəticələrini yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, istehsalın və ixracın genişlənməsində göstərib. Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir. Gələn ildən bu zonada istehsal olunan, təsdiq edilmiş siyahıya daxil olan Azərbaycan mənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək. Zonanın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görüləcək işlər istehsal və ixrac potensialını artıracaq.