BAKI, 12 noyabr. TELEQRAF

Pep Qvardiola ABŞ millisinin baş məşqçisi postuna namizədlər arasındadır.

Teleqraf “The Athletic” nəşrinə istinadla xəbər verir ki, ABŞ Futbol Federasiyası ispaniyalı mütəxəssisi milli komandaya gətirməyi nəzərdən keçirir.

Hazırkı baş məşqçi Maurisio Poçettino “Mançester Yunayted”ə keçəcəyi təqdirdə, federasiya onun əvəzləyicisi kimi Qvardiolanı təyin etməyə çalışacaq. Təcrübəli çalışdırıcının namizədliyi artıq qurum daxilində müzakirə olunub.

Qvardiola 2024-cü ildə Poçettinonun ABŞ millisinin baş məşqçisi təyin edilməsindən sonra bu ölkədə futbolun inkişaf potensialını yüksək qiymətləndirmişdi. O, milli komanda ilə uzunmüddətli layihə qurmağın maraqlı ola biləcəyini də bildirmişdi.

Qeyd edək ki, Pep Qvardiola karyerası ərzində “Barselona”, “Bavariya” və “Mançester Siti”yə rəhbərlik edib. O, üç dəfə UEFA Çempionlar Liqasının, altı dəfə İngiltərə Premyer Liqasının, üç dəfə İspaniya La Liqasının və üç dəfə Almaniya Bundesliqasının qalibi olub.