BAKI, 12 noyabr. TELEQRAF

Rusiyanın Sankt-Peterburq şəhərində zabitin idarə etdiyi avtomobildə partlayış baş verib.

Teleqraf xəbər verir ki, hadisə noyabrın 12-də səhər saatlarında Şuşarı qəsəbəsində, Kolpino şosesində qeydə alınıb.

Rusiya mediasının məlumatına görə, avtomobildə iki nəfər olub. Partlayış nəticəsində sükan arxasında olan polkovnik hadisə yerində ölüb. Hadisə zamanı avtomobilin salonunda olan ailə üzvü isə yaralansa da, sağ qalıb.

Hadisənin təfərrüatları araşdırılır. Partlayışın mümkün səbəbləri barədə hələlik məlumat açıqlanmayıb.

Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsi hərbçinin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi açıldığını bildirib.