BAKI, 12 noyabr. TELEQRAF
Niderland ABŞ ilə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) səlahiyyətlərinin azaldılması barədə danışıqlar aparır.
Teleqraf xəbər verir ki, bu barədə TASS diplomatik mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, tərəflər dövlət başçılarının BCM tərəfindən təqib olunmaması və onlara immunitet verilməsi məsələsini müzakirə edirlər.
Həmçinin Roma Statutuna qoşulmayan ölkələrin vətəndaşlarının BCM-in yurisdiksiyasından kənarda qalması təklif olunur. Bu, həmin şəxslərin BCM-in üzvü olan ölkələrin ərazisində cinayət törətməkdə şübhəli bilindiyi hallara da aiddir.
Digər təklifə əsasən, hər hansı əmələ görə ölkənin qanunvericiliyində cəzanın nəzərdə tutulması BCM-in həmin işə baxmaması üçün kifayət edə bilər. Bu halda milli hakimiyyət orqanlarının həmin əməli araşdırması da tələb olunmaya bilər.