BAKI, 9 noyabr. TELEQRAF

Türkiyədə televiziya kanalları və internet resurslarının monitorinqi üçün süni intellekt əsaslı yeni nəzarət sistemi tətbiq olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə “TRT Haber” Türkiyənin Radio və Televiziya Ali Şurasına (RTÜK) istinadən məlumat yayıb.

Şuranın sədri Mehmet Daniş bildirib ki, “Via+” adlı sistemin hazırlanması yekun mərhələyə çatıb.

Onun sözlərinə görə, yeni sistem gündə 19 min saatdan çox nitqi təhlil edəcək, onu 12 dilə tərcümə edəcək və qanun pozuntularını aşkarlayacaq. Eyni zamanda, 300 milyondan artıq görüntü kadrını yüksək dəqiqliklə yoxlayacaq.

“Via+” altı peyk vasitəsilə 800-dən çox televiziya kanalını, eləcə də faktiki olaraq qeyri-məhdud sayda internet resursunu və rəqəmsal platformanı izləyə biləcək.

Sistem qanun pozuntuları aşkar etdikdə ilkin hesabatlar hazırlayaraq təsdiqlənməsi üçün məsul mütəxəssislərə göndərəcək.