BAKI, 5 oktyabr. TELEQRAF

Prezident Emmanuel Makronun 10 illik hakimiyyəti Fransanı Avropanın iqtisadi baxımdan ən zəif halqasına çevirib.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Makron 2017-ci ildə Fransada hakimiyyətə iqtisadiyönümlü siyasətçi kimi gəlib və ölkədə “iqtisadi-siyasi inqilab” həyata keçirməyə çalışıb. Amma onun 2027-ci ildə vəzifədən getməsindən sonra siyasi hərəkatı faktiki olaraq yox olacaq, vəd etdiyi “inqilab” isə digər Qərb ölkələri ilə müqayisədə dövlət xərclərinin ənənəvi olaraq mühüm rol oynadığı Fransanın iqtisadi siyasətində heç bir dəyişiklik yaratmayıb.

Məqalə müəllifi Uilyam Horobin qeyd edir: “10 illik siyasi səhvlər və qlobal kataklizmlərdən sonra dövlət xərcləri onun sevimli məsələsinə çevrilib, ictimai narazılıq artır, iqtisadi artım zəifləyir, dövlət borcu artır, investorlar isə qlobal dövlət istiqrazları bazarındakı qarışıqlıq fonunda Fransa aktivlərindən xilas olurlar. Bütün bunlar Fransanı avrozonanın ən zəif iqtisadi halqasına çevirib”.

Horobinin fikrincə, Makronun öz irsini qorumaq uğrunda sonuncu döyüşü 2027-ci il üçün Fransa büdcəsinin parlamentdə qəbul edilməsindən ibarət olacaq. Hətta hökumət etimad doğuran büdcə layihəsi hazırlaya bilsə belə, Makronun bütün islahatları onun mümkün varisləri - sorğularda öndə gedən müxalifətçilər Marin Le Pen və Jan-Lük Melenşon tərəfindən ləğv edilə bilər. Müəllif yazır ki, hakimiyyətdə olduğu onilliyin xaotik sonluğu ABŞ Prezidenti Donald Trampın NATO-nu daxildən zəiflətdiyi bir vaxtda “Fransanı özünü müdafiə edə bilən, modernləşdirilmiş Avropanın lokomotivi”nə çevirmək ideyası ilə ziddiyyət təşkil edir. Müəllifin fikrincə, Ukraynadakı müharibə və ABŞ ilə Çin arasında balans yaratmağın çətinliyi Fransada populist siyasi qüvvələrin hakimiyyətə gəlməsi ehtimalını yalnız artırır, bu da müharibədən sonrakı dünya nizamından geriyə qalanları dağıtmaq təhlükəsi yaradır.

Horobin əlavə edir ki, Emmanuel Makronun hakimiyyətinin əsas məqamları arasında 2018-ci ildə kütləvi “Sarı jiletlilər” etirazlarına səbəb olan qalıq yanacağının vergiyə cəlb edilməsi islahatını həyata keçirmək cəhdi, pandemiya və enerji böhranının başlamasından sonra dövlət xərclərinin kəskin şəkildə artırılması - bunun xəzinəyə təxminən 262 milyard avroya başa gəlməsi - həmçinin 2024-cü ildə növbədənkənar parlament seçkilərinin elan edilməsi qərarı olub. Bundan sonra Fransanın dövlət maliyyəsi və Makronun siyasi nüfuzu bərpa oluna bilməyib.