BAKI, 23 avqust. TELEQRAF

Ukraynanın Xarkov vilayətində Rusiya Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) elektrik qatarına endirdiyi zərbə nəticəsində bir sərnişin həlak olub, dörd nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Ukraynanın Bərpa, İnfrastruktur və Nəqliyyat naziri Mikola Kalaşnik məlumat yayıb.

Hadisə Limanovka stansiyasında "Lozovaya – Xarkov" marşrutlu qatarda qeydə alınıb. PUA təhlükəsi səbəbindən qatar vaxtında saxlanılsa da, sərnişinlərin bir hissəsinin nəqliyyat vasitəsinin yaxınlığında qalması ağır nəticəyə gətirib çıxarıb.

Nazir bildirib ki, eyni gündə Odesa vilayətində də "Shahed" tipli PUA sərnişin qatarının lokomotivinə çırpılıb. 593 sərnişinin vaxtında təxliyə olunması sayəsində həmin insidentdə xəsarət alan olmayıb.

Rəsmi məlumatlara görə, ilin başlanğıcından bəri Ukrayna dəmir yolları 1534 dəfə hücuma məruz qalıb, xidməti vəzifəsini yerinə yetirərkən "Ukrzaliznıtsya"nın 52 əməkdaşı həlak olub, 317 nəfər isə yaralanıb.