BAKI, 14 oktyabr. TELEQRAF
Türkiyənin İstanbul şəhərində güclü leysan nəticəsində yolları su basıb, nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Teleqraf xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar oktyabrın 15-də şəhər üzrə məktəblərdə əyani təhsil dayandırılıb.
Güclü yağış bəzi evlərdə və müəssisələrdə daşqınlara səbəb olub, bəzi yollar, yeraltı keçidlər və tunelləri su basıb.
İstanbul valiliyinin qərarına əsasən, dövlət və özəl təhsil müəssisələrində əyani təhsilə bir gün ara verilib. Həmçinin dövlət qurumlarında çalışan əlilliyi olan şəxslər, hamilə qadınlar, 8 yaşından kiçik uşağı olan qadın əməkdaşlar, müəyyən istisnalarla məzuniyyətə buraxılıblar. Motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkəti oktyabrın 14-də saat 21:00-dan etibarən ikinci göstərişədək qadağan edilib.
İstanbul valisi Davut Gül sakinləri zərurət olmadıqca evdən çıxmamağa, gecəni daha təhlükəsiz və yuxarı mərtəbələrdə keçirməyə çağırıb.