BAKI, 14 oktyabr. TELEQRAF

Təbrizin “Traktor” futbol klubunun sosial media hesabında Azərbaycanla bağlı paylaşım edilib.

Teleqraf xəbər verir ki, paylaşımda Azərbaycana qarşı aparılan hicab kampaniyasına etiraz olunub.

“Müsəlman ölkəsində hicab qadağası ola bilməz, amma türk düşmənçiliyi ola bilər? İranda 40 milyona yaxın türk yaşayır. Amma öz torpaqlarında yaşamaqlarına baxmayaraq, yüz ildən artıqdır məktəblərdə türk dilində təhsil qadağandır, heç kim öz ana dilində danışa bilmir. Heç kim övladına türkcə ad qoya bilmir. Heç kim şirkətinə, mağazasına və digər obyektlərinə türkcə ad verə bilmir. Yalnız fars və ərəb dillərində adlara icazə verilir. Hətta prezidentin (Məsud Pezeşkian) belə öz ana dilində (azərbaycanca) danışmasına çətinliklə icazə verilir. Amma bir həftədir Azərbaycan məktəblərində hicab məsələsinə görə hamınız öz qardaşlarınıza düşmən kəsilmisiniz.

İranda isə yüz ildən artıqdır müsəlman türklərə qarşı aparılan assimilyasiya siyasətinə səsinizi belə çıxarmırsınız. Əgər müsəlmanların hüquqları sizin üçün bu qədər vacibdirsə, bu qədər insanlıqdan danışırsınızsa, buradakı insanlar müsəlman deyilmi? Niyə söhbət İrandan gedəndə susursunuz?”, - paylaşımda qeyd edilib.