BAKI, 23 avqust. TELEQRAF
Avropada hökm sürən anomal isti və quraqlıq meşə yanğınlarına səbəb olmaqla yanaşı, Birinci və İkinci Dünya müharibələrindən qalmış partlamamış sursat təhlükəsini də ortaya çıxarıb.
Teleqraf xəbər verir ki, bu barədə "Euronews" telekanalı məlumat yayıb.
Almaniya daxil olmaqla Qərbi Avropada geniş əraziləri əhatə edən yanğınları söndürən yanğınsöndürənlər torpaqda qalan köhnə döyüş sursatlarının partlama riski ilə üzləşirlər. Belçika, Almaniya, Niderland və Fransada artıq bu cür partlayışlar qeydə alınıb. Yüksək temperaturun özü də bəzən idarəolunmaz partlayışlara və yeni yanğın ocaqlarının yaranmasına gətirib çıxarır.
Almaniyanın şərqində yerləşən Müritz Milli Parkında 380 hektardan çox sahəni əhatə edən meşə yanğını zamanı köhnə mərmilərin partlaması səbəbindən söndürmə işləri dəfələrlə dayandırılıb, prosesə Bundesver cəlb olunub və yerli sakinlər təxliyə edilib. Qırmızı Ordunun və Vermaxtın şiddətli döyüşlər apardığı Brandenburg bölgəsində də meşə yanğınları zamanı İkinci Dünya müharibəsindən qalma sursatlar tez-tez partlayır.