BAKI, 23 avqust. TELEQRAF

Ukrayna Rusiyanın energetika və kənd təsərrüfatı infrastrukturuna zərbələri dayandırması müqabilində analoji hücumları dayandırmağa hazırdır, lakin Moskva belə bir razılaşmaya hazır olduğunu nümayiş etdirmir.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə görüşündə bəyan edib.

"Rusiya bu eskalasiyanı müdafiə imkanlarımızı bloklamaq üçün başladıb. Biz də onların kölgə donanmasına və neft obyektlərinə zərbələr endirməklə cavab veririk. Əgər söhbət energetika sahəsində atəşkəsdən gedirsə, gəlin bunu müzakirə edək. Biz sizin yanacaq obyektlərinizə hücum etmirik, siz də bizim elektrik enerjimizi vurmayın. Kənd təsərrüfatı və ya energetika sektoru üzrə belə razılaşmalara həqiqətən hazırıq", — deyə V.Zelenski bildirib.

Dövlət başçısı əlavə edib ki, Ukrayna həmçinin ərzaq dəhlizlərinin təhlükəsizliyini təmin etmək, aqrar ixracı və qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün mexanizmlərin axtarışını davam etdirir.