BAKI, 10 avqust. TELEQRAF
Danimarka Baş naziri Mette Frederiksen İtaliya Baş naziri Corciya Meloni ilə Avropa İttifaqında (Aİ) sərt miqrasiya siyasətinin həyata keçirilməsi və nəzarətsiz miqrasiyaya qarşı mübarizənin zəruriliyi məsələsində həmrəy olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə baş nazirlərin birgə açıqlamasında bildirilib.
“Biz Avropaya nəzarətsiz miqrasiyaya yol verməyəcəyik. Həm ölkə daxilində, həm də Avropada sərt miqrasiya siyasəti məsələsində aparıcı mövqe tuturuq. Heç kim qanunsuz miqrasiyanın cəmiyyətlərimiz üçün mənfi nəticələrə səbəb olduğunu inkar edə bilməz: cinayətkarlıq artır, sosial təminat sistemimizə təzyiq göstərilir və ictimai etimad zəifləyir”, - Frederiksen və Meloni bildirib.
Baş nazirlərin sözlərinə görə, onlar bütün məsələlərdə razılaşmasalar da, onları Avropanın qayğısına qalmaq istəyi birləşdirir.
Frederiksen və Meloni hesab edir ki, Aİ-dən daha çox miqrant deportasiya edilməli və üçüncü ölkələrdə deportasiya mərkəzləri yaradılmalıdır.