BAKI, 19 iyun. TELEQRAF

“Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyi üçün gördüyü əlavə tədbirlər təkcə kiprli türklərin təhlükəsizliyinə deyil, həm də bütün adada sabitlik və təhlükəsizliyin qorunmasına xidmət edir”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“Təhlükəsizlik yaratmalı olan tərəflərin regional gərginliyi dərinləşdirə biləcək addımlardan çəkinməsi, dialoqa, əməkdaşlığa və ortaq təhlükəsizlik anlayışına üstünlük verməsi böyük əhəmiyyət daşıyır. Bu çərçivədə Şərqi Aralıq dənizində son dövrlərdə formalaşan bəzi hərbi əməkdaşlıq təşəbbüslərini və regional təhlükəsizlik balansına təsir göstərə biləcək prosesləri də yaxından izləyirik. Son olaraq, qarant dövlət statusuna malik olmayan Fransa ilə Cənubi Kipr arasında imzalanmış saziş legitimliyi olmayan, kövrək tarazlığı pozan və beynəlxalq hüquqa zidd olan təşəbbüsdür”, - o bildirib.

Gülər qeyd edib ki, Türkiyənin hərbi potensialı, çəkindirici gücü və regional mövqeyi nəzərə alındıqda, Türkiyə və Şimali Kiprin hüquq və maraqlarını hədəf alan istənilən təşəbbüs və ya ittifaqın uğur qazanmaq şansı yoxdur.

Müdafiə naziri vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri Kipr türklərinin təhlükəsizliyini hədəf alan istənilən birtərəfli addıma və düşmən xarakterli təşəbbüslərə qarşı adekvat cavab vermək üçün kifayət qədər gücə, imkanlara və sarsılmaz iradəyə malikdir.

“Türkiyə qarant dövlət kimi hüquq və öhdəliklərini beynəlxalq hüquqdan irəli gələn legitim əsaslar çərçivəsində yerinə yetirməyə davam edir. Kipr türklərinin təhlükəsizliyi, rifahı və əmin-amanlığı bizim üçün həyati əhəmiyyət daşıyır. Bir daha bəyan edirik ki, Türkiyə Şərqi Aralıq dənizində sülhün, sabitliyin və konstruktiv dialoqun tərəfdarıdır. Amma Şimali Kipr Türk Cümhuriyyətinin təhlükəsizliyini təhdid edə biləcək istənilən səylər qarşısında da, qarant dövlət kimi üzərimizə düşən öhdəlikləri yerinə yetirmək iradəmiz tamdır”.