BAKI, 11 iyun. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi Fransa ilə Cənubi Kipr arasında imzalanan “Qüvvələrin Statusu Sazişi” ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk brifinqdə bildirib.

“Şərqi Aralıq dənizində sabitliyi pozmağa və gərginliyi artırmağa yönəlmiş bu təxribatı yaxından izləyirik. Kiprdə qarant statusu olmayan Fransa ilə Cənubi Kipr arasında imzalanan və adadakı kövrək tarazlığı birtərəfli şəkildə dəyişdirməyi hədəfləyən, Kipr türklərinin iradəsini və suveren bərabər hüquqlarını nəzərə almayan bu saziş 1960-cı il Kipr müqavilələrinə və beynəlxalq hüquqa ziddir. Heç bir legitimliyi olmayan və nəticələri diqqətlə düşünülməmiş bu və oxşar addımlar adanın cənubu üçün təhlükəli nəticələr doğura bilər.

Regiondakı kövrək tarazılığı nəzərə almayan və Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və maraqlarını hədəfə alan istənilən hərbi ittifaqın Türkiyəyə qarşı uğur şansı yoxdur. Qarant ölkə olaraq, dünən olduğu kimi bu gün də Şimali Kipr Türk Cümhuriyyətinin hüquq və maraqlarını qorumağa və təhlükəsizliyini təmin etməyə davam edəcəyik. Türkiyə Silahlı Qüvvələri Kipr türklərinin təhlükəsizliyini təhdid edən düşmən mövqelərə qarşı ən sərt cavabı vermək gücündə və qətiyyətindədir”, - Aktürk vurğulayıb.