BAKI, 12 may. TELEQRAF

“Rusiya bir neçə gün davam edən qismən sakitliyi özü pozmağı seçdi, Ukrayna buna güzgü prinsipi ilə cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Dövlət başçısının sözlərinə görə, bu gecə Ukraynaya 200-dən çox zərbə dronu buraxılıb:

“Cəbhədə yenidən aviabombalardan istifadə olunub - 80-dən çox. Həmçinin 30-dan artıq hava hücumu qeydə alınıb”.

Zelenski vurğulayıb ki, Dnepropetrovsk, Jitomir, Nikolayev, Sumı, Xarkov, Çerniqov vilayətlərində, eləcə də Kiyev və ətrafında Rusiyanın zərbə dronları məhv edilib:

“Hava hücumu nəticəsində enerji obyektlərinə, çoxmənzilli yaşayış binalarına və uşaq bağçasına ziyan dəyib. Həmçinin mülki dəmir yolu lokomotivinə də zərbə endirilib. Bu hücumlar nəticəsində yaralananlar, təəssüf ki, ölənlər də var.

Əvvəl də bəyan etmişdik: Rusiyanın bütün addımlarına güzgü prinsipi ilə cavab verəcəyik. Rusiya bu müharibəni bitirməlidir, məhz o real və uzunmüddətli atəşkəsə doğru addım atmalıdır. Bu baş verməyənə qədər Moskvaya qarşı sanksiyalar lazımdır, onlar davam etməli, daha da gücləndirilməlidir. Tərəfdaşların kənarda qalmaması, təhlükəsizlik, ədalət və etibarlı sülh naminə birgə işi davam etdirməsi vacibdir”.

Xatırladaq ki, mayın 8-dən Rusiya və Ukrayna arasında üçgünlük atəşkəs elan olunmuşdu.