BAKI, 8 may. TELEQRAF

“Rusiya tərəfindən atəşkəsə dair hətta imitasiya xarakterli belə cəhd olmayıb”.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Ötən gecə ərzində Rusiya ordusu Ukraynanın mövqelərinə zərbələr endirməyə davam edib. Səhərə olan məlumata görə, cəbhədə mövqelərə 140-dan çox atəş açılıb. Ruslar bu gecə 10 hücum əməliyyatı həyata keçiriblər, ən çoxu Slavyansk istiqamətində olub”, - Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Rusiya FPV, “Lanset” və digər növ dronlarla 850-dən çox zərbə endiriblər:

“Bütün bunlar açıq şəkildə göstərir ki, Rusiya tərəfdən cəbhədə atəşi dayandırmağa hətta görüntü xatirinə belə cəhd edilməyib. Ötən gün olduğu kimi, bugünkü nəticələrə əsasən də Ukrayna güzgü prinsipi ilə hərəkət edəcək, mövqelərimizi və insanların həyatını qoruyacağıq. Rusiya başladığı müharibəni dayandırmalıdır və sülhə doğru hərəkət başlayanda bunu hər kəs real şəkildə hiss edəcək”.