BAKI, 24 mart. TELEQRAF
Rusiya ordusu Donetsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin “qala kəməri”nə qarşı yaz-yay hücumuna başlayıb. Amma Kreml cəmiyyəti indidən zəif nəticələrə, yavaş irəliləyiş və böyük itkilərə hazırlayır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitik materialında deyilir.
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı general Aleksandr Sırski bildirib ki, Rusiya on minlərlə hərbçini son dərəcə ağır piyada hücumlarına göndərib. Nəticədə, cəmi dörd gün ərzində 6090-dan çox hərbçi öldürülüb və ya yaralanıb. Bu, gündə orta hesabla təxminən 1520 itki deməkdir. Son bir həftədə isə Rusiya ordusunun ümumi itkisi 8710 nəfər təşkil edib.
“Belə yüksək itki səviyyəsi Rusiyada yeni çağırışçıların cəlb edilməsinin indiki tempini nəzərə alsaq, Kreml üçün qəbuledilməzdir. Çox güman ki, belə itkilər orta və uzunmüddətli perspektivdə Rusiyanın genişmiqyaslı hücum əməliyyatı aparmaq qabiliyyətini azaldacaq”, - analitiklər vurğulayırlar.
ISW hesab edir ki, Rusiya qoşunları 2026-cı ildə Donetsk vilayətini tam ələ keçirə bilməyəcək, yalnız böyük itkilər hesabına məhdud taktiki uğurlar əldə edəcək:
“Rusiya rəsmiləri artıq informasiya məkanında yavaş irəliləyiş və böyük itkilərlə bağlı gözləntilər formalaşdırırlar. Məsələn, Rusiya Dövlət Dumasının deputatlarından biri deyib ki, bütün müharibələrdə itkilər olur, amma rus qoşunları Slovyansk və Kramatorsk istiqamətlərində “tələsmədən” irəliləyərək itkiləri minimuma endirməyə çalışacaq”.