BAKI, 12 mart. TELEQRAF

Yenidən Ukraynanın Sumı vilayətində fəallaşan Rusiya qüvvələri bölgədə “bufer zona” yaratmağa çalışırlar.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Könüllü Qüvvələrinin sözçüsü Sergey Bratçuk məlumat verib.

O bildirib ki, Rusiya qoşunları əsasən Ukrayna qüvvələrinin mövcud olmadığı “boz zona”ya daxil olurlar: “Amma artıq birbaşa mövqelərimizə doğru irəliləməyə çalışırlar. Dronlar və aviasiya ilə zərbələri artırıblar”.

Bratçukun sözlərinə görə, rusların Sumı istiqamətindəki fəaliyyəti həm də Ukrayna qüvvələrini Donetsk və Zaporojye vilayətlərindən yayındırmaq - Rusiya komandanlığı üçün prioritet olan cəbhə xətlərini zəiflətmək məqsədi daşıyır. Amma o hesab edir ki, Rusiya Sumı istiqamətindəki qoşunları öz ehtiyat qüvvələri və bölmələrini cəbhənin digər istiqamətlərinə yönəltməyə məcburdur:

“Buna görə də onlar Pivniçno-Slobojan istiqamətində genişmiqyaslı şəkildə hücum etməyə qadir deyillər. Amma rusların Sumı vilayətindəki aktivliyi davam edəcək”.