BAKI, 7 yanvar. TELEQRAF

Bu gün Parisdə Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək görüşdə ərazi və Zaporojye Atom Elektrik Stansiyasının (AES) istismarı məsələləri müzakirə olunacaq.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Bu gün artıq Rüstəm Umerovdan Fransada çalışan Ukrayna komandasının işi ilə bağlı ilk məruzə oldu. ABŞ Prezidentinin nümayəndələri ilə növbəti danışıqlar sessiyası keçiriləcək, bu, son iki gün ərzində üçüncü belə görüşdür. Ümid edirik ki, müharibənin başa çatdırılmasına dair əsas çərçivənin ən çətin məsələləri, xüsusilə Zaporojye AES və ərazi məsələləri müzakirə olunacaq”, - o deyib.

Zelenski komandasına Ukrayna, digər Avropa dövlətləri və ABŞ arasında liderlər səviyyəsində mümkün görüş formatlarını müzakirə etməyi tapşırıb.

Prezident vurğulayıb ki, Ukrayna ən çətin məsələlərdən yayınmır və heç vaxt sülhə maneə olmayacaq: “Sülh ləyaqətli olmalıdır. Bu da tərəfdaşlardan, onların Rusiyanın müharibəni bitirməyə hazır olmasını təmin edib-etməyəcəklərindən asılıdır”.