BAKI, 31 dekabr. TELEQRAF

“Bəziləri əvvəllər Rusiya Prezidenti Vladimir Putinə Ukraynada qərarların qəbul edildiyi mərkəzlərə “Oreşnik”lə zərbə endirməyi təklif ediblər”.

Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

Ukraynanın Rusiya liderinin Novqorod vilayətindəki dövlət iqamətgahına iddia olunan hücumunu şərh edən Lukaşenko bildirib ki, Moskvanın Ukrayna Prezidenti Volodimir Zelenskinin iqamətgahına o orada olarkən zərbə endirmək üçün bütün imkanları olub və var:

“Hətta “Oreşnik” ilk dəfə tətbiq olunanda bəziləri (Putinin özü mənə danışıb, bunu müzakirə etmişdik) ona təklif edirdilər ki, bu terrorçulara ikiqat zərbə vurulsun, hətta qərarların qəbul edildiyi mərkəzlərə də. Putin bu ideyanı qəti şəkildə, elə qapıdan daxil olan kimi rədd etdi”.

Belarus liderinin sözlərinə görə, Ukraynadaki müharibə zamanı elə vəziyyət yaranıb ki, tərəflərdən heç biri qarşı tərəfin birinci şəxsini hədəfə almayıb:

“Söhbət onların bir-birinə atəş açmamaq barədə razılaşmasından getmir, sadəcə bu müharibədə elə şərait yaranıb ki, dövlət başçılarından heç birini öldürməyə cəhd olunmayıb. Heç kim bunu etməyib. Amma qəfildən prezidentin iqamətgahlarından birinə zərbə endirməyə cəhd olundu”.

Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 PUA ilə hücum edib. Nazir bütün dronların məhv edildiyini bildirib. Ukrayna Rusiyanın iddiasını rədd edib.