BAKI, 31 dekabr. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski Avropanın çiçəklənən hissəsini məhv etdi, gec olmadan sülh razılaşmasına getməlidir”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Volodimir Aleksandroviçin bu yolla getməsinə ehtiyac yoxdur (Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına iddia olunan hücumu nəzərdə tutur – red.). Onsuz da Avropanın çiçəklənən hissəsini məhv edib. İndi isə tamamilə yerlə-yeksan edəcək. Bu yolla getməməlidir. Gec olmadan razılaşmaq lazımdır”, - o bildirib.
Lukaşenko Zelenskiyə xəbərdarlıq edib:
“Bu, bədbəxtliklə nəticələnəcək, Rusiyanın qərarların qəbul edildiyi mərkəzlərə zərbə endirmək üçün kifayət qədər imkanları var, elə vuracaq ki, daş üstə daş qalmayacaq. Dayanmaq, nəhayət, gələn il sülh razılaşmasına gəlmək lazımdır. Mən çox istərdim ki, Donald Tramp bu məsələdə səmimi olsun. Bu, Tramp və Qərbin, yaxud Avropa dövlətlərinin eyni rolu oynadığı bir oyun və ya tamaşa olmasın. Şübhələrim var, əgər belədirsə, bunun arxasında bizim ingilis qardaşlarımız dayanır. Tamamilə mümkündür”.
Rusiya xarici işlər naziri Sergey Lavrov bundan əvvəl iddia edib ki, Ukrayna dekabrın 29-da Vladimir Putinin Novqorod vilayətindəki iqamətgahına 91 PUA ilə hücum edib. Nazir bütün dronların məhv edildiyini bildirib.