BAKI, 24 dekabr. TELEQRAF

Ukraynanın ABŞ ilə birlikdə hazırladığı müharibənin bitirilməsi planının bəndlərindən biri ərazilər məsələsinə aiddir, hazırda bu problemin həlli üçün bir neçə mümkün variant mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərlə görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, planın bu bəndində Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində qoşunların yerləşdiyi xəttin de-fakto təmas xətti kimi tanınması nəzərdən keçirilir.

Prezident qeyd edib ki, bundan sonra münaqişənin dayandırılması üçün zəruri olan qüvvələrin yerdəyişməsini müəyyənləşdirmək, eləcə də potensial gələcək xüsusi iqtisadi zonaların parametrlərini təyin etmək məqsədilə işçi qrup yaradılmalıdır.

“Elə bir vəziyyətdəyik ki, ruslar Donetsk vilayətindən çıxmağımızı istəyirlər, amerikalılar isə bunun çıxış yolu olmaması üçün yol tapmağa çalışırlar, çünki biz çıxmağa qarşıyıq. Onlar demilitarizasiya olunmuş zona və ya azad iqtisadi zona kimi bir format tapmaq istəyirlər ki, bununla hər iki tərəfin baxışları təmin edilsin”, - Zelenski deyib.

O əlavə edib ki, azad iqtisadi zona variantı suveren dövlətin seçə biləcəyi potensial imkanlardan biridir. Bununla belə, prezident “potensial” sözünə xüsusi diqqət çəkib:

“Hesab edirik ki, iqtisadi zonalar kimi bir potensial mövcud ola bilər. Bu, bizim dialoq siyasətimizdir. Diqqət yetirin, 14-cü bənddə “ərazilər” dedikdə bütün vilayətlər nəzərdə tutulur. Biz isə deyirik ki, əgər bütün vilayətlər nəzərdə tutulursa və biz hazırda dayandığımız mövqelərdə qalırıqsa, razılaşa bilərik. Məhz buna görə də burada “potensial zonalar” ifadəsi yazılıb”.

Prezident vurğulayıb ki, “harada dayanmışıqsa, orada qalırıq” formulu üzrə danışıqların bu məsələdə uğursuz olması halında hadisələrin inkişafı üçün iki variant var:

“Birincisi, müharibənin davam etməsidir. İkincisi isə bütün potensial iqtisadi zonalar məsələsinin həllidir. Bu variantda razılaşmanın qüvvəyə minməsi üçün Rusiya öz qoşunlarını Dnepropetrovsk, Nikolayev, Sumı və Xarkov vilayətlərindən çıxarmalıdır.

“Ərazilərin mübadiləsi” ilə bağlı hekayəni xatırlayırsınızmı? Heç kim sona qədər bunun nə demək olduğunu başa düşmürdü. Bax, bu, onların təklifidir. Təklif belə idi: onlar bu ərazilərdən çıxırlar və bizim də Donbasdan çıxmağımızı istəyirlər, sonra isə orada “azad iqtisadi zona” yaradılır. Əgər Donbas məsələsində potensial azad iqtisadi zonadan danışırıqsa, Ukrayna qanunvericiliyinə görə bunu edə bilmərik. Hətta potensial olaraq da”.

Zelenski izah edib ki, hər hansı əraziyə xüsusi statusun verilməsi halında Ukraynada referendum keçirilməlidir: “Yalnız referendum insanların bu cür yola razı olub-olmadığını müəyyən edə bilər, əgər Ukrayna üçün təklif məhz belədirsə - ya bu, ya da müharibə”.