BAKI, 16 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmağın yollarını axtardığı bir vaxtda, Avropa liderləri həyəcan təbili çalaraq Rusiyanın onların ölkələrinə zərbə endirə biləcəyini bildirirlər. Avropa rəsmiləri artıq mütəmadi olaraq ictimaiyyəti Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa çağırırlar. Bu, hələ on il əvvəl ağlasığmaz görünürdü.
Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Avropanın paytaxtlarında o narahatlıq hökm sürür ki, Tramp Ukraynanı qeyri-bərabər şərtlərlə sülh sazişinə razı salacaq. Bu, Kremlə əlavə inam verə və Ukraynanı gələcəkdə Rusiyanın hücumları qarşısında daha zəif vəziyyətə sala bilər. Üstəlik, atəşkəs Rusiyanın Avropaya qarşı hücum üçün hərbi resurslarını azad edə bilər.
Avropada həm də ondan qorxurlar ki, hücum baş verərsə, ABŞ köməyə gəlməyəcək. ABŞ-nin yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında son illər ərzində ilk dəfə olaraq Rusiya düşmən kimi xarakterizə olunmur.
Niderland ordusunun istefada olan admirali Rob Bauer hesab edir ki, Avropa sülhü qorumaq istəyirsə, Vladimir Putini çəkindirmək üçün müharibəyə hazırlaşmalıdır. O əlavə edib ki, qitə ölkələri Rusiyanın hərbi-sənaye kompleksinin Ukraynadakı müharibə üçün lazım olandan daha çox istehsal etdiyini göstərən məlumatlardan narahatdırlar. Bu isə Rusiyanın Avropaya hücumu əvvəl güman ediləndən daha tez ola biləcəyi anlamına gəlir.
Avropa ölkələrinin təhlükəsizlik qurumlarının rəhbərləri artıq bəyan ediblər ki, Rusiya Avropaya qarşı “boz zona”da gizli hücuma başlayıb, onun iqtisadiyyatına zərər vurmağa və xaos yaratmağa çalışır. Həmçinin, Almaniya rəsmiləri Moskvanın sabotaj və casusluq kampaniyasının NATO-nun logistika marşrutlarına hücuma hazırlıq məqsədi daşıdığından şübhələnirlər. Bu, Polşa və ya Baltik ölkələrinə qarşı silahlı münaqişə baş verərsə, Şərqi Avropada qoşunların yerləşdirilməsini ləngidə bilər.
Vəziyyətin həssaslığını nəzərə alan Fransa Almaniya, Belçika və Niderland könüllü hərbi xidmətin bərpasını elan edib. Almaniya Rusiyanın hücumu halında qoşunların cəbhəyə necə göndəriləcəyini modelləşdirən hərbi təlimlər keçirir. Böyük Britaniya diqqətini Rusiyaya yönəltmək üçün Avropadan kənardakı hərbi hazırlığı azaldır. Bundan əlavə, bu il Avropanın NATO-ya üzv ölkələri müdafiə xərclərini artırmaq barədə razılığa gəliblər.