BAKI, 3 dekabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni bitirmək üçün aparılan sülh danışıqlarını hər vəchlə uzadır. O, bununla Qərbə üçqat zərbə vurmağı planlaşdırır, bu plan Ukraynanı dövlətdən itaətkar bir əyalətə çevirməkdən də irəli gedir.

Teleqraf xəbər verir ki, bu barədə “The Times” qəzetinin analitiki Rocer Boys yazıb.

“Birincisi, Putin Rusiya qərb sərhədləri istiqamətindəki ölkələri daimi siyasi böhran zonasına çevirmək istəyir. Bu, NATO-nun genişlənməsinin qarşısını almağın ən sadə yoludur. İkincisi, Moskva Avropanın yenidən silahlanmasını dayandırmaq niyyətindədir”, - britaniyalı şərhçi bildirib.

Boysun fikrincə, Putinin iştirakı ilə bağlanacaq uğursuz sülh sazişi belə, müdafiə xərclərinin artırılmasına qarşı çıxan Qərbdə mənfi reaksiya yaradacaq. Avropadakı radikal sağçı partiyalar bildirirlər ki, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və daha səmərəli səhiyyə sistemlərinin yaradılmasına xərclənə biləcək pullar “Rusiya ilə sakit qonşuluq naminə səmərəsiz xarici dövlətlər” üçün raketlər almağa xərclənir.

“Kreml üçün sülh prosesini imitasiya etmək belə, bu cür mənfi reaksiyanı yaratmaq üçün kifayətdir. Üçüncüsü, Putin müharibədən Qərbə yenidən “Rusiyanın gücü”nü göstərmək üçün istifadə etmək istəyir”, - ekspert vurğulayıb.

Boysa görə, ABŞ Prezidenti Donald Trampın Avropanın problemlərinə biganəliyi və Vaşinqtonun diqqətinin Çindən gələn çağırışlara yönəlməsi də, Rusiyanın xeyrinə olan amildir. NATO daxilində isə Şərqlə Qərb qanadları arasında yeni bir uçurum yaranıb.

Analitik hesab edir ki, Putin öz məqsədinə çatsa, bu, 2026-cı ilin əsas məsələlərindən biri olacaq: zəngin Qərb ölkələri radikal sağçı partiyalar və bəzi ölkələrdə cəmiyyətlərin artan təzyiqlərinə baxmayaraq, anti-Rusiya qüvvələrini maliyyələşdirmək və silahlandırmağa davam etməyə hazır olacaqmı?

Vladimir Putin isə öz ordusunu daha bir il döyüşmək üçün yenidən toparlanacağına güvənir, çünki onun fikrincə, Qərb artıq yorulub, çıxış yolu axtarır. Ancaq analitik əlavə edib ki, problem bununla bitmir, Rusiyanın özü də başladığı müharibəni necə qazanacağını bilmir, cəbhədəki uğursuzluqlardan diqqəti yayındırmağa çalışır:

“Putin sülh prosesini uzadaraq Qərbdəki parçalanmanı üzə çıxarmağa, öz çatışmazlıqlarını ört-basdır etməyə çalışır. O istəyir ki, özünün hərbi lider kimi səriştəsizliyi unudulsun və NATO-nu küncə sıxışdıran, transatlantik alyans “dağılmış qəhrəman müdafiəçi” kimi yadda qalsın”.