BAKI, 12 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə ölkəsi arasında yalnız bir ayırıcı xəttin mövcudluğunu qəbul etdiyini və bunun dövlət sərhədi olduğunu bildirib.
Teleqraf xəbər verir ki, bu barədə o, Kremldə ABŞ prezidentinin xüsusi nümayəndələri Stiven Uitkoff və Cared Kuşnerlə görüşü zamanı danışıb.
Vladimir Putin Moskvanın Ukraynanın “boz zonalar” məsələsini gündəmə gətirməsindən xəbərdar olduğunu qeyd edib. “Boz zonalar” dedikdə, tərəflərdən heç birinin nəzarət etmədiyi ərazilər nəzərdə tutulur. Putinin sözlərinə görə, ərazilərlə bağlı tərəflərin mövqeləri fərqlidir.
“Bizim üçün yalnız bir ayırıcı xətt mövcuddur, o da dövlət sərhədidir. Çünki bu halda hər şey aydın və dəqiq olacaq: biz buradayıq, siz isə orada”, - Rusiya Prezidenti vurğulayıb.
Putinin fikrincə, əks halda, “boz zonalar” məsələsi tərəflər arasında daimi fikir ayrılığı mənbəyi olaraq qalacaq.
Rusiya lideri bir daha Ukrayna ərazisində Qərb hərbi kontingentin yerləşdirilməsinin Moskva üçün qəbuledilməz olduğunu bəyan edib:
“Əvvəlcədən bildirmişik ki, Ukraynada istənilən xarici hərbi qüvvənin mövcudluğu bizim üçün tamamilə qəbuledilməzdir. Çünki hesab edirik ki, bu, Rusiya Federasiyasının təhlükəsizliyinə təhdid yaradır”.
O əlavə edib ki, Ukraynada yerləşdiriləcək xarici hərbi qüvvələr Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəf hesab ediləcək.