BAKI, 16 noyabr. TELEQRAF
Böyük Britaniyanın keçmiş baş nazir müavini və keçmiş mənzil siyasəti naziri Angela Reynerin Baş nazir Kir Starmerə qarşı plan hazırladığı iddia olunur.
Teleqraf xəbər verir ki, bu barədə “The Sunday Telegraph” mənbələrə istinadla məlumat yayıb.
Nəşrin iddiasına görə, Reyner bir sıra deputatlara hökumətdə vəzifə təklif etməklə onları öz planına dəstək verməyə çağırır. Bildirilir ki, həmkarlar ittifaqları da onu dəstəkləməyə hazırdır və Leyboristlər Partiyasının sol qanadından təxminən 70 nəfər onun arxasında dayanır.
Lakin Reynerə yaxın mənbə bu məlumatları təkzib edərək “tamamilə cəfəngiyat” adlandırıb. Onun sözlərinə görə, Reyner hazırda yalnız öz seçicilərinin maraqlarına fokuslanıb.
Qeyd edək ki, bundan əvvəl “BBC” də Leyboristlər Partiyasının daxilində Kir Starmerin vəzifədən uzaqlaşdırılması üçün planların müzakirə olunduğunu yazmışdı. Məlumata görə, Baş naziri əvəzləyə biləcək namizədlər sırasında səhiyyə naziri və ya daxili işlər naziri Şabana Mahmudun adı çəkilir.
İddialara cavab verən səhiyyə naziri Ues Stritinq yayılan məlumatları “konspirasiya nəzəriyyəsi” adlandırıb və Starmeri ilk gündən dəstəklədiyini bildirib.