BAKI, 13 noyabr. TELEQRAF
Türkiyə Silahlı Qüvvələrinin Gürcüstanda qəzaya uğrayan C-130 hərbi yük təyyarəsində silah-sursat olmayıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
“Təyyarədə yalnız heyət üzvləri və təyyarə təmiri üçün materiallar olub, silah-sursat olmayıb”, - o deyib.
Zəki Aktürk təyyarənin qəzaya uğramasının səbəbi ilə bağlı suala belə cavab verib:
“Bu mövzuda indi danışmaq hələ tezdir. Hadisənin baş vermə səbəbi, davam edən qəza araşdırması tamamlandıqdan sonra aydın olacaq”.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu.
Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.