BAKI, 7 sentyabr. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putinlə Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvada mümkün görüşü Rusiyanın mövqelərinə üstünlük verəcək.

Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" nəşri yazır.

Məqalədə qeyd olunur ki, Moskvada keçiriləcək danışıqlar Kremlin mövqeyini daha da gücləndirəcək.

Nəşrin məlumatına görə, artıq yeddi ölkə (Avstriya, Vatikan, İsveçrə, Türkiyə və üç Körfəz dövləti) liderlərin görüşünə ev sahibliyi etməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 5-də Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində çıxış edən Putin Zelenski ilə görüş üçün ən yaxşı məkanın Moskva olduğunu bildirmişdi.

Zelenski isə buna cavab olaraq bildirmişdi ki, Moskva variantının irəli sürülməsi Rusiyanın əslində belə bir görüşü istəmədiyini göstərir. Ukrayna Prezidenti bununla Moskvaya getməyəcəyini açıq şəkildə bəyan etmişdi.