​BAKI, 31 avqust. TELEQRAF

Kreml mütəmadi olaraq hərbi uğurlarının miqyasını şişirdir və bununla da Ukrayna üzərində “qaçınılmaz qələbə” təəssüratı yaratmağa, eləcə də Qərb mövqeyinə təsir göstərməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Analitiklərin sözlərinə görə, Rusiya hərbi rəhbərliyi hücumun tempi barədə yanlış məlumatları məqsədli şəkildə yayır. Məsələn, Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov 2025-ci ilin martından bəri guya 3500 km² Ukrayna ərazisinin və 149 yaşayış məntəqəsinin ələ keçirildiyini iddia edib. Lakin "ISW"nin məlumatına görə, real rəqəmlər xeyli azdır (təxminən 2346 km² və 130 yaşayış məntəqəsi).

Oxşar bəyanatlar müdafiə naziri Andrey Belousov tərəfindən də səsləndirilir. O, hər ay 600–700 km² irəliləyiş əldə olunduğunu iddia edir. Halbuki mütəxəssislərin qiymətləndirməsinə görə, 2025-ci ildə bu göstərici ayda maksimum 440–500 km² olub.

"ISW" vurğulayır ki, Kreml özünün ağır itkilərini gizlədir. Təkcə 2024-cü ildə azı 93 min, 2025-ci ilin əvvəlindən isə 56 mindən çox Rusiya hərbçisi həlak olub. Qvadrosikl və motosikllərdən istifadə edən mobil qruplara baxmayaraq, Rusiya ordusunun irəliləyişi “sürünən” xarakter daşıyır və strateji davamlılıqdan məhrumdur.

“Moskva Qərbi Ukraynanın qələbəyə qadir olmadığına inandırmağa və dəstəyin azalmasına nail olmağa çalışır. Lakin bu, yanlış və təhlükəli illüziyadır”, – "ISW"-nin hesabatında qeyd olunub.