BAKI, 24 avqust. TELEQRAF

"Rusiyanın Ukraynaya təhlükəsizlik təminatları müzakirə predmeti deyil".

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Kanadanın Baş naziri Mark Karni ilə birgə keçirilən mətbuat konfransında deyib.

O, təhlükəsizlik təminatlarının Ukraynanı Rusiyanın təcavüzündən qoruyacaq ölkələrdən gəlməli olduğunu vurğulayıb:

"Rusiya Budapeşt Memorandumunda Ukraynanın təhlükəsizliyinə təminat verən tərəf olsa da, öz öhdəliklərini pozub. Biz Rusiyadan təhlükəsizlik təminatlarından danışmırıq. Biz Ukraynanı Rusiyanın təcavüzündən və gələcəkdə mümkün genişmiqyaslı aqressiv addımlardan qoruyacaq təminatlardan danışırıq".

Prezidentin sözlərinə görə, təhlükəsizlik təminatçıları Ukrayna xalqının etibar etdiyi ölkələrdən ibarət olmalıdır:

"Ukrayna xalqı "könüllülər koalisiyası" ölkələrinə etibar edir. Bunlar müharibənin əvvəlindən Ukraynanın yanında olan, sanksiyalar tətbiq edən, silah tədarük edən, humanitar dəstək göstərən, enerji kəsintiləri zamanı kömək edən və əsirləri azad etməyə yardımçı olan ölkələrdir. Ən əsası isə Ukraynanı göydə, dənizdə və quruda qoruya bilən ölkələrdir".