BAKI, 10 avqust. TELEQRAF
Tacikistan Prezidenti Emoməli Rəhmonla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı aparılıb.
Teleqraf xəbər verir ki, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, Tacikistan lideri Ukrayna münaqişəsinin siyasi-diplomatik yolla həlli istiqamətində göstərilən səyləri dəstəkləyib. Söhbət əsnasında ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəlik müzakirə edilib. Bundan əlavə, Putin Tacikistan prezidentinə ABŞ ilə aparılan danışıqların əsas nəticələri barədə məlumat verib.
“Emomali Rahmon təqdim olunan məlumatlara görə təşəkkürünü bildirərək Ukrayna məsələsinin siyasi-diplomatik yolla həlli üçün səyləri dəstəklədiyini vurğulayıb”, - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, Putin və Rahmon Moskva ilə Düşənbə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün birgə tədbirlər görməyə hazır olduqlarını təsdiqləyib. Liderlər həmçinin ikitərəfli və çoxşaxəli formatlarda keçiriləcək gələcək görüşlərin planını müzakirə ediblər.