BAKI, 25 may. TELEQRAF

Rusiya 2025-ci ilin iyun ayında yenidən hücuma keçə bilər. Ukraynanın üç vilayəti - Xarkov, Sumı və Dnepropetrovsk təhlükə altındadır.

Teleqraf xəbər verir ki, bu barədə BILD nəşrinə hərbi ekspert Niko Lange bildirib.

O vurğulayıb ki, Trampla danışıqlara baxmayaraq, Moskva çoxdan planlaşdırdığı hücuma indi başlayır. Mütəxəssisin sözlərinə görə, Putinin heç vaxt atəşkəs əldə etmək fikri olmayıb.

"Rusiya, formal olaraq "ilhaq edilmiş" dörd vilayətdən əlavə, danışıqlar üçün yeni problemlər yaratmaq məqsədilə Sumı, Xarkov və Dnepropetrovsk vilayətlərində irəliləməyə çalışacaq", - o hesab edir.

Lange Rusiyanın dron müharibəsi aparmağı öyrəndiyini əlavə edib. Onun sözlərinə görə, Rusiya kütləvi şəkildə yeni PUA-lar istehsal edib və indi onları tətbiq etmək niyyətindədir.

"Ruslar qarşı tərəfin taktikasını təkrarlayır və bununla uğur qazanırlar. Minlərlə yeni dron və radioelektron mübarizə vasitələri ilə onlar Ukraynaya məxsus logistikanı izləyir və sıradan çıxarır", - Niko Lange qeyd edib.