BAKI, 1 aprel. TELEQRAF

Rusiya Sumı, Xarkov və Ukraynanın cənubunda irimiqyaslı hücuma hazırlaşır.

Teleqraf xəbər verir ki, bunu Ukrayna ordusunun ehtiyatda olan mayoru, hərbi ekspert Aleksey Getman deyib.

“Ruslar qüvvələrini cəmləşdirirlər və hazırlayırlar. Amma onların bu hücum əməliyyatlarını həyata keçirmək üçün cəlb edə biləcəkləri əlavə ehtiyatları yoxdur. Eyni qoşunlardan istifadə olunacaq, hazırda həmin 600 minlik qüvvə cəbhədədir. Rusların arxada əlavə 100-200 minlik qüvvəsi yoxdur ki, bu qruplaşmaları istiqamətləndirə və gücləndirə bilsinlər”, - mayor qeyd edib.

Getman əlavə edib ki, Rusiya ancaq cəbhənin digər bölmələrindən qoşun gətirməklə müəyyən istiqamətləri kəmiyyətcə gücləndirə bilər:

“Ona görə də rusların bütün cəbhə xətti boyunca hücum edə biləcəkləri ilə bağlı bütün bəyanatları şübhə doğurur. Çünki kəmiyyətcə qüvvələri artmayıb. Digər yandan, eşidirik ki, bu yaz Rusiyada hərbi xidmətə ən kütləvi çağırış olacaq”.