BAKI, 9 noyabr. TELEQRAF
Qəzza zolağında güclü leysan yağışları nəticəsində məcburi köçkünlərin yaşadığı düşərgələri su basıb. Beynəlxalq ictimaiyyətə təcili humanitar yardım çağırışı edilib.
Teleqraf xəbər verir ki, bu barədə Qəzzanın Mülki Müdafiə Xidmətinin nümayəndəsi Mahmud Bəssal “Əl-Məyadin” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, çökəklik ərazilərdə yerləşən çadır düşərgələrində suyun səviyyəsi bir metrə çatıb. Nəticədə minlərlə insan açıq səma altında gecələmək məcburiyyətində qalıb.
Bəssal ABŞ, Misir, Qətər və Türkiyəni, eləcə də BMT-ni humanitar fəlakətin qarşısını almaq üçün təcili müdaxiləyə çağırıb.
O bildirib ki, sakinlərin isti çadırlara, yığma evlərə, qış geyimlərinə, qızdırıcılara və yolların təmizlənməsi üçün tikinti texnikasına ciddi ehtiyacı var.
Mülki Müdafiə Xidmətinin nümayəndəsi torpağın yuyulması və daşqınlar səbəbindən binaların uçması təhlükəsinin artdığını da vurğulayıb.
Məlumata görə, Deyr əl-Bələh şəhərində evin divarının uçması nəticəsində bir qadın və üç uşağı həlak olub.
Noyabrın 7-də yağan güclü yağışlar nəticəsində Qəzza zolağında 70 mindən çox çadırı su basıb. Ən çox zərər çəkən ərazilər Cəbaliya, Beyt Lahiya, Deyr əl-Bələh və Nuseyratdır.
“Ma'an” agentliyinin ilkin hesablamalarına əsasən, təbii fəlakət müvəqqəti düşərgələrin infrastrukturuna təxminən 3 milyon dollar ziyan vurub.