BAKI, 9 noyabr. TELEQRAF

ABŞ-nin İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün yaratdığı “Dəmir qapı” (Iron Gate) adlı xüsusi işçi qrupu fəaliyyətə başlayıb.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.

“‘Dəmir qapı’ işçi qrupu İran İslam Respublikasında tam fəaliyyət göstərir. Tarixdə ən böyük dəniz blokadası ilə birlikdə, demək olar ki, İrana heç nə daxil olmur və ölkədən heç nə çıxarılmır”, – Tramp yazıb.

Lakin ABŞ lideri xüsusi qrupun İran ərazisində konkret olaraq hansı formada fəaliyyət göstərdiyini açıqlamayıb.

Qeyd edək ki, noyabrın 7-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən yaradılan qrupun əsas vəzifəsi İranın quru sərhədləri və Xəzər dənizi vasitəsilə silah və digər strateji məhsulların daşınmasının qarşısını almaqdır.

Pentaqonun məlumatına görə, qrup digər ABŞ qurumları ilə koordinasiyalı şəkildə qabaqcıl silah sistemlərinin, ikili təyinatlı texnologiyaların və sanksiyalara məruz qalan materialların daşınmasını əngəlləyəcək. Eyni zamanda, İranın qanunsuz gəlir əldə etmə kanallarının bağlanması istiqamətində tədbirlər görüləcək.