BAKI, 9 noyabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Tramp arasında əməkdaşlıq Qərb ölkələrinin Rusiyanı beynəlxalq təcrid vəziyyətinə salmaq istiqamətindəki səylərini zəiflədir.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalının təhlilində bildirilib.
Məqalədə qeyd olunur ki, Trampın Rusiyaya qarşı sanksiyaları yumşaltmağa və Putinlə iqtisadi razılaşmalar əldə etməyə hazır olması ABŞ-nin keçmiş Prezidenti Co Bayden administrasiyasının və Avropa müttəfiqlərinin uzun illər ərzində həyata keçirdiyi siyasətə ziddir.
CNN-in təhlilinə görə, Moskva ilə Vaşinqton arasında dizel yanacağı üzrə razılaşma yeni yanaşmanın ilk əlaməti ola bilər. Bu isə Avropa İttifaqı ölkələrində ciddi narahatlıq doğura bilər.
Məlumata əsasən, ABŞ administrasiyası Rusiya dizel yanacağının dünya bazarlarına tədarükünü 7 aprel 2027-ci ilədək Amerika sanksiyalarından azad edir.
Xatırladaq ki, oktyabrın 9-da Putinlə Tramp arasında telefon danışığı olub. Tərəflər neft məhsullarının tədarükü məsələsini də müzakirə ediblər. Putin Rusiyanın ABŞ və dünya bazarlarına neft və neft məhsulları göndərməyə hazır olduğunu bildirib.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak isə ölkəsinin dizel yanacağı ixracına qoyulan qadağanı planlaşdırılandan əvvəl aradan qaldırmağa başladığını açıqlayıb.
Onun sözlərinə görə, Rusiya oktyabrda 300 min, noyabrda 500 min, dekabrda isə 1 milyon ton dizel yanacağı ixrac etməyə hazırdır. Gələcəkdə bu həcmin ayda 3 milyon tona çatdırılması nəzərdə tutulur.