BAKI, 9 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranın bütün infrastrukturunu məhv etmək imkanına malik olduqlarını, lakin bunu istəmədiyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.
“Əlbəttə, mən elə indi İrana girib hər şeyi partlada bilərdim. Problem ondadır ki, sonradan bunları bərpa etmək mümkün olmayacaq. Körpüləri və elektrik stansiyalarını dağıtsam, onların yenidən qurulması son dərəcə çətin olacaq”, – ABŞ lideri deyib.
Tramp İranın dağlıq ərazilərində yerləşən iri körpülərin bərpasının 10-15 il çəkə biləcəyini vurğulayıb.
“Elektrik stansiyalarının bərpası da ikinci ən çətin məsələdir. Bütün bunlar insanların üzərinə çox ağır yük qoyur. Mən bunu istəmirəm”, – o əlavə edib.
ABŞ Prezidenti ölkəsinin İran üzərində qələbə qazandığını yenidən iddia edib.
“İndi yalnız bunu dərhal, yoxsa daha sonra başa çatdırmaq məsələsini həll etmək qalır. Ola bilsin, bir qədər gözləyək. İranın bəzi qonşuları vəziyyətin olduğu kimi qalmasını üstün tuturlar”, – Tramp bildirib.