BAKI, 9 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın nüvə materiallarının yerini dəyişdirməsinə dair Vaşinqtonun hər hansı məlumatının olmadığını bildirib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Floridadan Vaşinqtona yola düşməzdən əvvəl jurnalistlərə açıqlamasında danışıb.

İranın nüvə materiallarını başqa ərazilərə daşıyıb-daşımadığı barədə suala cavab verən ABŞ lideri bildirib:

“Xeyr. Əgər bunu edirlərsə, biz bundan xəbərdar olmaq istəyirik və onları məhv edəcəyik. Amma indiyədək belə bir hərəkət müşahidə etməmişik”.

Tramp ABŞ Kosmik Qüvvələrinin geniş müşahidə imkanlarına malik olduğunu vurğulayıb.

“Birinci prezidentlik dövrümdə yaratdığım Kosmik Qüvvələr sayəsində sizin nişanınızdakı yazını, hətta adınızı belə oxuya bilirik. Biz hər şeyi görə bilirik”, – o deyib.

ABŞ Prezidenti İrandakı Pikaks dağında baş verənlərdən də xəbərdar olduqlarını iddia edib.

“Biz Pikaks dağına heç vaxt zərbə endirməmişik, çünki orada hər hansı fəaliyyət olmayıb. Amma zərurət yaranarsa, bunu beş dəqiqə ərzində edə bilərik”, – Tramp əlavə edib.